Ukrayna və Rusiya taxıl və yağlı bitkilərin tədarük zəncirində əsas oyunçudur və bu zəncirin pozulması və ixrac məhdudiyyətləri bir sıra ölkələrdə ərzaq təhlükəsizliyinin səviyyəsinə əhəmiyyətli təsir göstərəcək. Onun təsirini ilk növbədə taxılın 30%-dən çoxunu Rusiya və Ukraynadan alan 50-yə yaxın ölkə hiss edəcək. Və bu ölkələrin bir çoxu Afrika və Asiyanın az inkişaf etmiş ölkələridir ki, burada da ərzaq çatışmazlığı var. Digər tərəfdən, Rusiya dünya iqtisadiyyatı üçün metal və digər xammal ixracatçısıdır. Rusiya iqtisadiyyatına qarşı sanksiyaların tətbiqi isə həmin metalların və xammalın qiymətində ciddi artımın olacağı anlamına gəlir. Eyni zamanda, bu materiallardan hazırlanan məhsullar beynəlxalq bazarda daha baha qiymətə görünəcək.
Eyni zamanda, Ukraynada böhranın eskalasiyası enerji daşıyıcılarının qiymətində artımı nəzərdə tutur ki, bu da qiymətlərin geniş şəkildə qalxmasına səbəb olacaq. Belə çıxır ki, bundan ən çox əziyyət çəkən sıravi istehlakçılar olacaq, insanların həyatı bahalaşacaq, yoxsulluğun səviyyəsi yüksələcək. Və artan sosial gərginlik dünyanın digər yerlərində də münaqişələrə səbəb ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Qərbin məhdudiyyətləri Rusiyanı Çinlə əməkdaşlığı dərinləşdirməyə sövq edəcək. Nəticədə onun beynəlxalq aləmdə siyasi və iqtisadi çəkisi arta bilər. Artıq müxtəlif Qərb analitikləri arasında Rusiyaya qarşı sanksiyalar nəticəsində Çinin iqtisadi imkanlarının artacağı ilə bağlı fərziyyələr səslənir.
Bölgəmizə gəlincə, Rusiyaya iqtisadi təzyiqlər Türkiyənin Cənubi Qafqazda güclənməsi və nəhayət, möhkəmlənməsi üçün əlavə imkanlar açır. Qərb isə təbii ki, Türkiyənin Rusiyanı bölgəmizdən sıxışdırıb çıxarmasında maraqlı olacaq. Məsələn, Türkiyə Rusiya biznesini sıxışdıraraq iqtisadi cəhətdən regiona nəzarət etməyə cəhd edəcək.
Ermənilər isə bundan narahatdır. İrəvandakı ekspertlər qeyd edir ki, Türkiyə Ermənistanda iqtisadi ekspansiya həyata keçirəcək. Digər tərəfdən, Ermənistanın bir çox cəhətdən Rusiya iqtisadiyyatı ilə bağlı olduğunu nəzərə alsaq, müəyyən müddətdən sonra Ermənistanın iqtisadi baxımdan şoka düşəcəyi də istisna edilmir.
Aqil Məmmədov
Ordu.az